Melumat
Main » 2009 October 06 » Narkotika 117:45 Narkotika 1 |
Yaşadığımız cəmiyyət bir çox problemlərlə üzləşib. Təbii fəlakətlər, ədalətsiz müharibələr, kütləvi qırğın silahlarının icadı, sağalmaz xəstəliklər, narkomaniya, QİÇS bu problemlərdəndir...
Yaşadığımız cəmiyyət bir çox problemlərlə üzləşib. Təbii fəlakətlər, ədalətsiz müharibələr, kütləvi qırğın silahlarının icadı, sağalmaz xəstəliklər, narkomaniya, QİÇS bu problemlərdəndir. Narkomaniya! Artıq hər birimizə məlumdur ki, narkomaniya cəmiyyətin ən ağrılı problemlərindən birinə çevrilib. Narkomaniyaya qurşananların sayının getdikcə artması bu problem ətrafında xeyli düşünməyə əsas verir. Təəssüflə qeyd etmək lazımdır ki, bu problem Azərbaycan Respublikasında da aktual olaraq qalır. Qeyd olunan problem tədricən insan nəslinin məhvinə gətirib çıxarır. Narkomaniyaya qarşı mübarizə tədbirlərinin getdikcə gücləndirilməsinə baxmayaraq bu problemin həll olunmaması böyük narahatlıq doğurur. Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra BMT-nin “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” Vyana Konvensiyasına, “Psixotrop maddələr haqqında” Konvensiyaya, “Narkotik maddələrin qeyri-qanuni dövriyyəsi ilə mübarizədə əməkdaşlıq haqqında” Parsial Sazişinə qoşulmuşdur. 1996-cı ildə narkomaniya və onunla bağlı cinayətkarlığın cəmiyyətin inkişafına mənfi təsirini, bu problemə qarşı əsaslı tədbirlərin həyata keçirilməsinin zəruriliyi nəzərə alınmaqla Ölkə Prezidentinin Fərmanı ilə “Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə” Dövlət komissiyası yaradılmış və həmin fərmanın 3-cü bəndinə əsasən “Azərbaycan Respublikasında 2000-ci ilədək”, daha sonra isə “2000-2006-cı illər üzrə” narkomanlığın yayılmasına, narkotik vasitələrin və psixotrop maddələrin qeyri-qanuni dövriyyəsinə qarşı mübarizə üzrə Ümummilli Proqram qəbul edilmişdir. 1999-cu ildə “Narkotik vasitələrin, psixotrop maddələrin və prekursorların qanunsuz dövriyyəsi ilə mübarizə haqqında” qanun qəbul edilmişdir. Bütün bunlar göstərir ki, Azərbaycan Respublikasında narkomaniya daim diqqət mərkəzindədir və ölkə rəhbərliyi, müvafiq strukturlar bu problemin köklü həllinə nail olmaq üçün öz səylərini göstərirlər. Lakin bununla yanaşı bu problem heç də öz həllini tapmamış və narkomaniya bu gün də gündəmdədir. Acınacaqlı hal odur ki, narkomaniyanın qurbanları arasında gənclərə tez-tez rast gəlmək olur. Gənclərin narkomaniyaya qurşanması onların təhsildən yayınmasına, ictimai həyatdan kənarlaşmasına, ətraflarındakı insanlara daha çox cinayətkar simasının aşılanmasına və ən əsası sağlamlıqlarının zərbə altında qalmasına səbəb olur. Aparılan araşdırmalar zamanı məlum olmuşdur ki, gənclərin narkomaniyaya qurşanmasına bir çox hallarda narkotik vasitələrin ticarəti ilə məşğul olan şəxslər səbəb olur. Belə ki, həmin şəxslər hədə-qorxu gəlmə və müxtəlif şirnikdirici vədlər verməklə gənclərin narkotik və psixotrop maddələrdən istifadə etməsinə nail olur və bununla da həmin gəncin həyatını zəhərləmiş olurlar. Gənclərin narkomaniyaya qurşanmasına digər bir səbəb isə onların narkotik vasitələrə əyləncə vasitəsi kimi baxmasıdır. Narkotikadan cəmi bir dəfə istifadə etmək narkomaniyaya yol açmaq deməkdir. Gənclərimizin nəzərinə çatdırmaq istərdim ki, narkotik maddələrdən bir neçə dəfə istifadə etmək narkotikadan asılı vəziyyətə düşmək deməkdir. Həmin insanlar narkomaniyanın əsirinə çevrilir, ətraf aləmdən təcrid olur, həmin insanların orqanizmində tədricən zəifləmə və gücdən düşmə halları müşahidə edilir. Narkomaniyadan asılılığın iki əlaməti-fiziki və psixi asılılıq mövcuddur. Fiziki asılılıq narkotik vasitələrin qəbulu zamanı insan orqanizmində fəaliyyətin dəyişilmiş vəziyyəti ilə müşahidə olunur. Belə halda insan orqanizmi daimi olaraq narkotik maddənin qəbulunu tələb edir. Psixi asılılıq isə müəyyən hiss-həyəcanı aradan qaldırmaq və əhval-ruhiyyənin yüksəldilməsini özündə əks etdirir. Bu zaman narkotik qəbul edənlər ətraf aləmdən həzz almaq və düşdüklərini çətin vəziyyəti bir anlıqda olsa unutmağa çalışırlar. Narkomaniyaya qurşanmış şəxslərdə bir çox xarakterik dəyişikliklər baş verir. Onlar çox vaxt dəyişkən əhval-ruhiyyədə olur, gözlənilməz davranışlar edir, depressiya və yuxululuqdan ayılmırlar, beyin isə daim dumanlı olur. Belə şəxslərin fiziki görünüşlərində ağır sima, gözlərin qızarması, çəkinin azalması və arıqlama, fikirli olmaları və iradəsizlik müşahidə olunur. Amma yaddan çıxarmayaq ki, narkomaniya AİDS-dən də ciddi problemdir və HİV-infeksiyanın inyeksiya vasitəsilə yayılması ona daha böyük impuls verir. Qaçılmazdır ki, bəzi insanlar üçün narkotiklər həyatın sosial-iqtisadi şəraitinə uyğunlaşmaqda bəlkə də yeganə imkandır. Narkotik istifadəçilərini həyat şəraitlərini yaxşılaşdırmadan narkotiklərdən imtina etdirmək heç bir ölkədə həll olunacaq vəzifə deyil. İnyeksiya vasitəsilə HİV-in yayılması kontekstində yalnız HİV-ə yoluxma riskinin azaldılmasına nail olmaq mümkündür. Narkotiklərlə mübarizə sahəsində aparılan təhlillər göstərir ki, respublikamızda əsasən yabanı halda bitən və qanunsuz halda becərilən çətənə kolundan istifadə edilir. Narkotik maddələr sırasında olan digər maddələr, o cümlədən heroin, həşiş, tiryək respublika ərazisinə qonşu dövlətlərin ərazisindən daxil olur. Hazırda Azərbaycan Respublikası ərazisinin 20 %-nin işğal altında olması və bununla əlaqədar olaraq respublika sərhədlərinin müəyyən hissəsinin nəzarətdən kənarda qalması narkotik maddələrin və prekursorların Azərbaycan Respublikasının ərazisindən tranzit kimi keçirilməsinə şərait yaradır. İşğal altında olan Dağlıq Qarabağ ərazisində mənfur ermənilər tərəfindən narkotik bitkilərin becərilməsi hallarının gün-gündən artması hər birimizi narahat etməli və buna qarşı diqqəti artırmalıyıq. Yadda saxlamalıyıq ki, Dağlıq Qarabağ Azərbaycan Respublikasının ayrılmaz tərkib hissəsidir və bu cür hallar ölkəmizin beynəlxalq imicinə zərər gətirir. Narkotik vasitələrin istifadəsi ilə əlaqədar maarifləndirmə işinin artırılmasına baxmayaraq bu sahədə çatışmazlıqların mövcudluğu meydana çıxır. Narkotik vasitələr və prekursorlar barədə geniş təbliğat işinin aparılmasının vaxtı çoxdan çatıb. Təbliğatın kütləvi aksiyalarla aparılması, orta və ali təhsil müəssisələrinin təbliğat materialları ilə təmin edilməsi, şagird və tələbələri narkomaniyanın fəsadları barədə məlumatlandırmaq, kütləvi informasiya vasitələrində geniş informasiyaların verilməsi, narkomaniyaya həssas təbəqə olan gənclərlə treninqlərin keçirilməsi, narkomaniyaya qurşanmış şəxslərin adlarının geniş ictimaiyyətə açıqlanması, narkomaniyanın törətdiyi fəsadları özündə əks etdirən internet saytların yaradılması və bütün saytlarda bu barədə məlumatların verilməsi, kütləvi şəkildə antinarkotik proqramlarına qoşulmaq narkomaniya ilə bağlı müsbət yönümdə müəyyən dəyişikliklərə səbəb ola bilər. Dağlıq və dağətəyi ərazilərdə yaşayan əhalinin yabanı halda bitən bitkilərin fərqinə varmaması, bəzən onlardan məişətdə istifadə etməsi bir çox fəsadlara gətirib çıxarır. Belə halların baş verməsi əhali arasında narkomaniya ilə bağlı maarifçiliyin zəif olmasından irəli gəlir. Buna görə də bəzi narkotik bitkilər və maddələr barədə məlumat oxuculara təqdim olunur: Çətənə bitkisi (kannabis) – hündürlüyü 3-5 metrə çatan, yarpaqları uzunsov, kənarları dişli formada və üzəri xırda tükcüklərlə örtülü olan kolşəkilli bitkidir. Çətənə bitkisindən marixuana, həşiş, kannabis yağı alınır. |
|
Total comments: 4 | |||||
| |||||